IV Beynəlxalq Qış məktəbinin açılışı olub
Fevralın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində IV Beynəlxalq Qış məktəbinin açılış mərasimi olub.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları, təlimçilər, yerli və xarici universitetlərin tələbələri iştirak ediblər.
"Qış məktəbi"nin təşkil edilməsində əsas məqsəd gömrük xidməti sahəsində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin tətbiq etdiyi son yeniliklərlə bağlı gömrük ixtisası üzrə təhsil alan və gələcəkdə bu sahədə çalışacaq tələbələrin məlumatlandırılması, eyni zamanda, tədqiqatların aparılması, müxtəlif sahələr üzrə akademik yazı bacarıqlarının formalaşdırılmasıdır. Qış məktəbinin proqramı çərçivəsində Akademiyanın tələbələri və bir sıra xarici universitetlərin gömrük ixtisasında təhsil alan tələbələrinə, eləcə də əməkdaşlarına təlimlər keçirilir.
Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov öncə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gömrük islahatları barədə məlumat verib. Eyni zamanda, qeyd edilib ki, gömrük təhsilinin səviyyəsinin yüksəldilməsi gömrük xidmətində aparılan islahatların prioritet istiqaməti kimi müəyyən olunub.
Qulu Novruzov Azərbaycanın strateji əhəmiyyətli enerji və təhlükəsizlik dəhlizlərinin qovuşduğu məkanda yerləşdiyini bildirib. O, Azərbaycan iqtisadiyyatının inkişafından danışaraq, qeyri-neft sektoruna dövlət tərəfindən göstərilən dəstəyə və bu sahədə aparılan işlərə diqqət çəkib. Akademiya rəisi Dövlət Gömrük Komitəsinin Azərbaycan iqtisadiyyatının güclənməsində rolundan bəhs edib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakçılara salamını çatdıran Qulu Novruzov Qış məktəbində bir sıra xarici və yerli ali təhsil müəssisələrindən 40-dan artıq iştirakçının təmsil olunduğunu deyib.
Gömrük Akademiyasının fəaliyyətinə toxunan Qulu Novruzov bu ali təhsil müəssisəsinin yaradılmasında əsas məqsədin yüksək səviyyəli, peşəkar kadrların hazırlanması olduğunu deyib. Qış məktəbinin əhəmiyyətindən söz açaraq Akademiya rəisi tədbirin tələbələrin digər ölkələrin ali məktəblərinin tələbələri ilə ünsiyyət və əlaqələrinin yaradılması, qarşılıqlı mübadilə üçün önəmini qeyd edib. Akademiya rəisi bu tədbirin müxtəlif ölkələrin tələbələri arasında fikir mübadiləsi aparmaq üçün münbit platforma olduğunu açıqlayıb.
2020-ci ilin Akademiyada “Beynəlxalq əməkdaşlıq” ili elan edildiyini vurğulayan Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin gömrük üzrə kadr hazırlayan beynəlxalq universitetlər şəbəkəsinin üzvlərindən biri olduğunu və bu əməkdaşlıq çərçivəsində bu il üçün tədbirlər planı hazırlandığını bildirib. O, il ərzində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb və Qış məktəbinin də bu tədbirlərdən biri olduğunu qeyd edib.
Q.Novruzov proqramda nəzərdə tutulan bütün mövzuların vacibliyini önə çəkərək iştirakçılara təlimçilərin biliklərindən maksimum faydalanmağı, təcrübə mübadiləsinin aparılmasını tövsiyə edib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl çıxış edərək "Qış məktəbi"nin önəmindən söz açıb, bu tədbirin gələcək əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Qış məktəbində Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri iştirak edirlər.
Eyni zamanda, təlimlərdə Rusiya Gömrük Akademiyası, Samara Dövlət Texniki Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutu, Rusiya Prezident Akademiyası Şimal-Qərbi Menecment İnstitutundan tələbə və əməkdaşlardan ibarət nümayəndələr iştirak edirlər.
Təlimlər Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova, Rusiya Federasiyasının Samara Dövlət Texniki Universitetinin dosenti Darya Ştrikova tərəfindən keçirilir.
Təlimin ilk günündə Dariya Ştrikova “Gömrük xidmətlərinin keyfiyyəti və gömrükdə marketinq”, Mixail Kaşubski “Akademik Tədqiqat və Yazı əsasları” mövzusunda məruzələrlə çıxış ediblər.
Təlimlər fevralın 12-dək davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi